Qərbi Azərbaycan Xronikası: Çarın itaətini qəbul etməyən Pəmbək mahalı – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin tarix boyu havadarlara sığınaraq çirkin niyyətlərini reallaşdırmaq üçün müxtəlif vasitələrə əl atıb böldüyü əzəli torpaqlarımızdan biri – Pəmbək mahalı haqqında süjet hazırlanıb.

“İki rayona bölünən mahal – murdar erməni planı” adlı süjetdə indiki Ermənistan ərazisində ən qədim zamanlardan bəri Azərbaycan türklərinin etnogenezində iştirak edən müxtəlif türk boylarının yaşadığı, Pəmbək etnotoponiminin “uca bəylər” anlamına gələn etimoloji izahının Dədə Qorqud boylarındakı Oğuz babalarımızı xatırlatdığı bildirilir.

Qeyd olunur ki, indiki Ermənistan ərazisində yerləşən Pəmbək Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından biridir:

“1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi nəticəsində Loru-Pəmbək bölgələri rusların əlinə keçir. Həmin ilin  iyulunda Pəmbək əyalətinin 14 kəndindən, təxminən, beş-altı min türk əhalisi bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınır. Sonralar Pəmbək əyalətindəki türklərin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri üçün üsyan qaldırır. 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən çıxaraq Qars paşalığına sığınırlar. Onların geri qaytarılması üçün knyaz Sisianov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət edir. Təəssüf ki, bölgəyə ermənilərin köçürülməsi də məhz həmin illərə təsadüf edir. Belə ki, 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən iki min erməni qaçaraq rusların himayəsinə keçir və onlar Loru-Pəmbək bölgəsində məskunlaşdırılırlar”.

Diqqətə çatdırılır ki, Pəmbək mahalının ərazisi Ermənistan SSR-nin rayonlaşdırılması zamanı əsasən Böyük Qarakilsə – sonralar Kirovakan və Quqark rayonu,  Hamamlı – sonralar Spitak rayonu arasında bölünür:

“Böyük Qarakilsə rayonunda, təxminən, 26 kənd mövcud olub. Hamamlı rayonunda isə, təqribən, 22 kənd var idi. Təəssüf ki, insanlığın düşməni olan erməni-haylar öz murdar istəklərinə nail oldular və 1988-ci ildə xarici havadarlarının köməyi ilə bu tarixi türk torpaqlarından soydaşlarımızı görünməmiş vəhşiliklə qovub çıxardılar və həmin yerlərə vaxtilə xarici ölkələrdən köçürülüb gətirilmiş ermənilər yerləşdirildilər.

Süjetdə vurğulanır ki, Pəmbək dağları, füsunkar Pəmbək dərəsi, Muşul meşələri,  Soyuqbulaq yaylağı ilə bu yerlər babalarımızın ən səfalı yurdlarından olub, öz gözəlliyi ilə sanki düşmənlərin gözünə ox kimi batıb:

“Əminik ki, özünün mövcudluğu, dədə-baba torpaqlarının düşməndən qorunması uğrunda qanlı savaşlar aparmaq məcburiyyətində qalan oğuz türkləri babalarımızın o səfalı yurdlarına yenidən qovuşacaq, o məkanlara sahib çıxacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*