Türkiyənin müdafiə nazirinin və Baş Qərargah rəisinin Bakıdakı müzakirələri: Nələr hazırlanır? – TƏHLİL + FOTO

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak Azərbaycanda səfərdədirlər.

Prezident İlham Əliyev avqustun 27-də Yaşar Güləri, avqustun 28-də isə Metin Gürakı qəbul edib.

Müzakirələrdəki gizli gündəliyin izinə düşmək ona görə lazımdır ki, Azərbaycanla Türkiyə yeni mərhələyə hazırlaşırlar.

Bu, o səviyyədir ki, regiondakı təhdidlərin miqyası genişlənir və Bakı ilə Ankara özlərinin strateji mövqelərini həmin təhlükələrin fonunda bərkidirlər.

Bakı-Ankara ikilisinin əlverişli mövqelərə doğru irəliləməsi:

– Türkiyənin regional siyasətindəki genişlənmə aspektlərini,

– Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması cəhdlərindən doğan regional təhdidlərə qarşı miqyası özündə təcəssüm etdirir.

Türkiyənin ordu elitasının Azərbaycana eyni vaxtda baş tutan səfəri müdafiə və təhlükəsizlik sferasındakı keyfiyyətin üzərinə işıq salır və mümkün boşluqların aradan qaldırılması üçün fürsətləri təqdim edir.

Boşluqlar ona görə yaranır ki, günü-gündən qlobal emosiyalar coşur, Rusiya-Ukrayna müharibəsindən tutmuş, Yaxın Şərq, Afrika cəbhələrinə qədər geniş coğrafiyalar yeni-yeni təhlükələrə hamilə qalır.

Bu baxımdan müdafiə naziri ilə Baş Qərargah rəisinin Azərbaycandakı müzakirələri Bakı-Ankara strateji gündəliyini münaqişələrin bir-birilə əlaqəli xüsusiyyətlərinə qarşı itiləyir.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin vəzifə funksiyası belədir ki, o, hərbi əməliyyatlar üçün şəxsi heyət, kəşfiyyat bazasını hazırlayır və onu müdafiə nazirinin təsdiqinə təqdim edir.

Bu, onun Türkiyə qanunvericiliyi ilə səlahiyyətidir, ancaq Bakı ilə Ankara strateji müttəfiq olduğundan artıq regional güc olan Türkiyənin Azərbaycana hərbi-strateji təsirləri də çoxalır.

İndi aydın ola bilər ki, niyə Yaşar Gülərlə Metin Gürak Azərbaycana gəliblər. Məntiqlə:

– Rəsmi Ankara ordu rəhbərliyini Türkiyə modelinə sürətli keçid edən Azərbaycan Silahlı Qüvvələrini yeni mərhələyə hazırlamaq üçün Bakıya göndərib;

– Metin Gürakın rəhbərlik etdiyi heyət müdafiə və təhlükəsizliklə bağlı məxfi hesabat hazırlayaraq bunu müdafiə nazirinə təqdim edəcək;

– Türkiyənin Milli Təhlükəsizlik Şurası həmin hesabatlara əsasən müvafiq qərarlar çıxaracaq. 

Söhbət hər hansı müharibə hazırlığından yox, sadəcə, təhdidlərə birgə sinə gərməkdən gedir.

Diqqətdə saxlamaq lazımdır ki, Türkiyə Qərb-Rusiya-Çin rəqabətinin yaratdığı qlobal və regional boşluqlara dolaraq manera sahəsi qazanır. Ankaranın genişlənən siyasətindəki istiqamətlər həmin sahənin ölçüsünü böyütməyə doğru yön alır, ancaq Türkiyənin də regiondakı gücünə qısqanclıqla yanaşanlar az deyil.

Bu qısqanclıq Türkiyəyə rəqib nöqtələri olan bütün oyunçularda var. Ona görə hərəsi öz məntiqi ilə Türkiyənin xarici siyasət prioritetlərinin önündə hasar çəkməkdə həvəslidir, amma həm Moskva, həm də Vaşinqton üçün Türkiyənin bəzi maneraları lazımlıdır.

Bu tablo istər-istəməz regionu kövrəkləşdirir və həssaslaşan zəminlər yeni təhdidləri ərsəyə gətirir. Boy atan yeni növ təhdidlər Azərbaycan-Türkiyə gündəliyinə də mənfi təsir edir.

Neqativ tendensiyaları azaltmaq və ya onu regiondan uzaqlaşdırmaq üçün Türkiyə Cənubi Qafqaz siyasətindəki aktivlərini artırmaq zərurətini hiss edir.

Türkiyənin Azərbaycanla qarşılıqlı müdafiə mexanizmləri eyni – daha təhlükəsiz region – məntiq üzərindən davam edəcək.

Hətta mümkündür ki, Azərbaycan qarşılıqlı ehtiyaclardan irəli gələrək Türkiyənin müttəfiqi kimi onun genişlənən strateji xəttinə əhəmiyyətli dərəcədə töhfələr versin.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*