“Sosial Dövlət Naminə” İctimai Birliyinin könüllülərdən ibarət layihə qrupu “Azərbaycanda sosial-hümanitar siyasətin təbliği” layihəsinin icra planına uyğun olaraq Bərdə rayonuna səfər ediblər
“Azərbaycanda sosial-hümanitar siyasətin təbliği” layihəsinin icra planına uyğun olaraq, ictimai müzakirə təşkil etmək, eyni zamanda “Heydər Əliyev – 100 İl” liyinə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbiri həyata keçirmək üçün “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri Faiq Əhmədovun rəhbərliyi ilə böyük heyət – təşkilatın mətbuat katibi Hamlet Abbasov, İdarə Heyətinin üzvü Saleh Hacıyev, könüllülərdən ibarət layihə qrupu, ictimai fəallar Bərdə rayonuna səfər ediblər.
Sosialdovlet.az xəbər verir ki, 5 sentyabr 2023-cü il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə “2023-ci il kiçik qrant müsabiqəsi”çərçivəsində “Azərbaycanda sosial-hümanitar siyasətin təbliği” layihəsinin icra planına uyğun olaraq Bərdə rayon Mədəniyyət Mərkəzinin Akt zalında, Bakıdan gələn qonaqların, rayon ictimaiyyətinin fəallarını, qazilərin, şəhid anaları və onların ailə üzvlərinin, digər kateqoriyadan olan vətəndaşların, həssas qrup nümayəndələrinin iştirakı ilə açıq ictimai müzakirə təşkil edilib.
Tədbiri təşkilatın mətbuat katibi Hamlet Abbasov açaraq gələn qonaqları salamladıqdan sonra, Dövlət himni səsləndirildi. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhid Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi. Hamlet Abbasov təşkilatın sədri Faiq Əhmədovun müəllifi olduğu və rəhbərliyi altında çapa hazırlanmış məlumatlandırıcı kitabçadan, eləcə də vətəndaşlara göstərilən sosial-hüquqi xidmətlər barədə məlumat verəndən sonra çıxış üçün sözü təşkilatın sədri Faiq Əhmədova verdi. Hər zaman şəhid analarının, qazilərimizin yanında olan, onlardan öz diqqət və qayğısını əsirgəməyən Birliyin sədri, layihə rəhbəri Faiq Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qeyri-Hökumət Təşkilatlarına göstərdiyi diqqət və qayğıdan danışaraq qeyd etmişdir ki, ölkə başçısının Ümummilli Lider Heydər Əliyevin uzaqgörənlik və müdrikliklə başladığı dövlətçilik proqramlarının, sosial islahatlarının həyatiliyi bu gün də idarəetməsində qabarıq şəkil alıb, yürütdüyü siyasətin kökündə dövlətçilik işi vacib və əsas prioritet kimi durub. Cənab prezident ölkə dəyərlərini, tarixi zərurətləri milli-mənəvi sərvət kimi qoruyur, vətəndaşlıq duyğusunu, millətə, dövlətə, vətənə sevgi hissini gücləndirir. Təbii ki, bu amilin gələcək üçün daha möhkəm, daha dərin əsasları var. Əbəs yerə deyil ki, cənab İlham Əliyev artıq Azərbaycan dövlətinin və xalqının xilaskarı, müasir Azərbaycanın yenilməz sərkərdəsi, ölməz düha Heydər Əliyev siyasətini uğurla davam etdirən fenomen şəxsiyyət kimi təqdir edilir.
Daha sonra Faiq Əhmədov qeyd etmişdir ki, rəhbəri olduğu “Sosial Dövlət Naminə” İctimai Birliyi Ümummilli Lider Heydər Əliyevin 100 İlliyi ilə əlaqədar regionlarda həyata keçirtdiyi “Heydər Əliyev – 100 İl” – “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbirlərə şəxsi büdcələri hesabına Türkiyədən alınan, üzərində Ümummilli Lider Heydər Əliyevin şəkli olan min ədəd köynək, medallar, fəxri diplomlar, xüsusi ölçüdə hazırlanmış baner və s. sosial maarifləndirmə işinin bir hissəsi kimi qiymətləndirilə bilər. Biz Ulu Öndər Heydər Əliyevin sosial sahədəki ardıcıl iş prinsipini və dövlətçilik uğurunu regionlarda gələcək nəsillərə çatdırmaq niyyətindəyik. Çünki hələ sağlığında Ümummilli Lider Heydər Əliyev uşaqlar haqqında belə deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Bir daha xüsusi olaraq qeyd edirəm ki, bizim məqsədimiz eyni hədəfdir: “Sosial Dövlət Naminə”. Bu yol bizi cənab Prezidentin rəhbərliyi altında daha xoşbəxt sabahlara aparır.
Onu da qeyd edək ki, tədbirdə “Sosial Dövlət Naminə” İctimai Birliyinin Respublika üzrə Qadınlar Şurasının sədr müavini, şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova, Birliyin Bərdə rayon təşkilatının sədri, iki şəhid bacısı Nərgiz Cəfərova, Bərdə rayon Ağsaqqallar şurasının sədri Yaşar Zamanov, İdarə Heyətinin üzvü Saleh Hacıyev və digər çıxışçılar söz alaraq bildirdilər ki, bu gün “Sosial Dövlət Naminə” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanda sosial-hümanitar siyasətin təbliği” layihəsi vətəndaşlar və dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərin, sosial sahədə ölkədə görülən böyük işlərin, qəbul edilən proqramların, yeni imkanların, yaradılmasından və rayonda həlli vacib olan bir çox problemlərin həllindən danışdılar, vətəndaşların sualları cavablandırıldı, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı, kitabçalar iştirakçılara hədiyyə olundu.
Tədbirin sonunda müasir Azərbaycanımızın memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – 100 İl” – “Uşaqlar bizim gələcəyimizdir” adlı orta məktəb şagirdləri arasında şeir yarışması keçirildi və qaliblərə xüsusi mükafatlar təqdim olundu. Keçirilən müsabiqə zamanı 1-ci, 2-ci, 3-cü yer tutan şagirdlərə qızıl, gümüş, bürünc medallar və üzərində Heydər Əliyevin şəkili olan “Nə qədər Azərbaycan Var, Mən də Varam” köynəyi və “Heydər Əliyev 100-İl” Fəxri Diplomları təqdim olunmuşdur. Müsabiqədə iştirak edən digər fəal şagirdlər isə söylədikləri şeirlərinə görə “Fəxri Diplom”larla mükafatlandırıldı.
Tədbirdə 200 nəfərə yaxın rayon sakini iştirak edirdi. Sonda xatirə şəkilləri çəkildi, paylanma materialı (kitabçalar) iştirakçılara hədiyyə olundu.Onu da qeyd edək ki, “Sosial Dövlət Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə “2023-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində 1 iyul – 30 sentyabr tarixlərində həyata keçirilən üçaylıq “Azərbaycanda sosial-hümanitar siyasətin təbliği” mövzusunda layihəsi regionlarda geniş ictimaiyyətə təqdim olunur.
“Sosial Dövlət Naminə” İctimai Birliyi olaraq tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Birliyimizin Respublika üzrə Qadınlar Şurasının sədr müavini, şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanovaya, Birliyin Bərdə rayon təşkilatının sədri, iki şəhid bacısı Nərgiz Cəfərovaya və Bərdə rayon Mədəniyyət mərkəzinin bütün kollektivinə təşəkkürünü çatdırır.
İlahə Məmmədova,
“Sosial Dövlət Naminə” İctimai Birliyinin,
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri
Leave a Reply