İlham Əliyev TBMM üzvlərini qəbul etdi – Foto

Fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev seçkiləri müşahidə etdiklərinə görə nümayəndə heyətinə minnətdarlığını bildirib.

Şamil Ayrım nümayəndə heyəti adından çıxış edərək dövlət başçısını prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Qonaq Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğunun və qardaşlığının ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rolunu vurğulayıb.

Dövlət başçısı seçkilərdə qazandığı qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanın ona təbrik məktubu göndərdiyini və Türkiyə Prezidenti ilə telefonla danışdıqlarını məmnunluqla qeyd edib.

Şamil Ayrım Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələrini böyük əhəmiyyət daşıdığını bildirib.

Dövlət başçısı da Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu vurğulayıb.

Şamil Ayrım 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında Prezident İlham Əliyevin və Azərbaycanın dünyaya bir nümunə göstərdiyini qeyd edib. Ümummilli lider Heydər Əliyevin vəsiyyətinin dövlət başçısı tərəfindən yerinə yetirildiyini deyən qonaq vurğulayıb ki, Azərbaycan xalqı ilk dəfə olaraq bu seçkilərdə ərazi bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qürurla iştirak edib.

Azərbaycan Prezidenti Vətən müharibəsində Qələbədə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin yüksək qiymətləndirildiyini bir daha qeyd edib.

Görüşdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsizlik vurğulanıb, Türkiyə Böyük Millət Məclisinin bunun əleyhinə olduğu və Türkiyə parlamentində də bununla əlaqədar müvafiq bəyanatların və müraciətlərin qəbul olunacağı qeyd edilib, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməsinin vacibliyini bildirilib.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı və Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub, Türk Dövlətləri Təşkilatında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşdirilməsinin önəmi qeyd olunub.

Nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının daha da inkişafı üçün fəaliyyətini yüksək qiymətləndirdiklərini deyiblər.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*